BAĞLA
site by dream@rt
 

Gənc şahmatçımız Aydın Süleymanlı 2 qat Avropa çempionu olaraq daha bir uğuruna imza atdı

21.09.2017

Rumıniyanın Mamaya şəhərində şahmat üzrə uşaqlar və yeniyetmələr arasında Avropa çempionatına yekun vurulub. Turnirdə ölkəmizi 28 şahmatçı təmsil edib. Qitə birinciliyi İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.

Həmin zəka sahibləri arasında Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşının oğlu, 12 yaşlı Aydın Süleymanlı da olub. Belə ki, Aydın Süleymanlı qitə birinciliyində bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib. Təmsilçimiz 9 turdan ibarət yarışda 7,5 xal toplayaraq Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, sözügedən yarışda 46 ölkədən ümumilikdə 1200-ə yaxın şahmatçı qələbə uğrunda mübarizə aparıb.  Aydın Süleymanlı 2 qat Azərbaycan və 2 qat Avropa çempionu titulunun sahibidir. O, həmçinin dünya çempionatında fəxri kürsünün 3-cü pilləsinə qalxmağa da nail olub.

Xatırladaq ki, korporativ sosial məsuliyyət layihələrinə xüsusi diqqətlə yanaşan Veysəloğlu Şirkətlər Qrupu daim idman və təhsilə dəstəyi ilə fərqlənib.