BAĞLA
site by dream@rt
 

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur

21.06.2018

Azərbaycan Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycan Respublikasının gücünün, qüvvətinin göstəricisi, müstəqilliyimizin təminatıdır.

Tarixdən də məlum olduğu kimi, Azərbaycan Ordusunun yaranması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Həmin illərdə erməni təcavüzünün güclənməsi ordunun qurulmasını zəruri edirdi. Beləliklə, 1918-ci il 26 iyun tarixində Milli Ordunun qurulmasına qərar verilərək avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov Paşa bəy Sultanov, sonra general Səməd ağa Mehmandarov oldu. Onun müavini general Əliağa Şıxlınski idi. Təəssüf ki, Xalq Cümhuriyyətinin süqutundan sonra Milli Ordu da ləğv edildi.

Daha sonra yeni hərbçilərin yetişdirilməsinin zəruriliyini dərk edən Heydər Əliyev 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təsis etdi.

Milli ordunun qurulmasına yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Nəticədə Azərbaycan Respublikası Prezidentinin 22 May 1998-ci il tarixli fərmanına əsasən, 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalayıb. Mərhum prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb.

Bu gün də ordumuzun inkişafı prosesi davam etdirilir və ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.