BAĞLA
site by dream@rt
 

Veysəloğlu Şirkətlər Qrupu yeni qiymət siyasətini müəyyən etdi

16.01.2016

Əsası müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu olan Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan sahibkarlarına diqqət və qayğı çox keçmir ki, özünü inkişaf edən ölkə iqtisadiyyatında göstərir. Ölkəmizdə sahibkarlara yaradılan münbit şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası iqtisadiyyatın bütün sahələrində olduğu kimi, qida sənayesinin də inkişafına təkan verir.

1994-cü ildən fəaliyyətə başlamış Veysəloğlu Satış və Distribütor Şirkətinin əsas fəaliyyəti ölkə bazarında yüksək keyfiyyətli satış xidməti göstərməkdir. Əməkdaşlıq etdiyi xarici istehsalçı fabriklər ilə distribütorluq səviyyəsində çalışaraq, idxal edilən məhsulların keyfiyyətinə xüsusi önəm verilir. Dünya ölkələrinin fabriklərindən idxal edilən məhsulların keyfiyyəti qəbul edilmiş beynəlxalq təhlükəsizlik standartlarına, sanitar-gigiyenik norma və qaydalarına, habelə Ümumdünya Səhiyyə Təşkilatının bu sahədə olan normativlərinə cavab verir.

Şirkət əlverişli iqtisadi mühit şəraitində daha da inkişaf edərək özünün istehsalat sahələrini yaratmışdır. Belə ki, 2001-ci ildə “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlamasını müstəqil Azərbaycan iqtisadiyyatında qənnadı və yeyinti sənayesinin uğuru kimi dəyərləndirmək olar. Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar dünyanın bir çox ölkəsinə ixrac olunaraq hər il keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Əsas məqsədi yerli və xarici bazarlara beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli “Azərbaycan malı” adı altında məhsullar təqdim etməkdir. Ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstək nəticəsində müəssisənin istehsal gücü bir neçə dəfə artırılmışdır.

Son illər dünyada baş verən iqtisadi böhran, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ölkə iqtisadiyyatına da öz təsirini göstərmişdir. Hazırda bütün dünyada, həmçinin Azərbaycanda milli valyutaların dəyərdən düşməsi və qiymətlərin bahalaşması prosesi gedir. Manatın mövcud devalvasiyası və üzən məzənnə siyasətinə keçməsindən sonra şirkət özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalmışdır. Veysəloğlu MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaratmışdır. Eyni zamanda xammal idxalında yaranmış qiymət artımı Ulduz Şokolad Fabrikinə də təsirsiz ötüşmədi. Yerli istehsalda xammalı xarici ölkələrdən gətirilərək idxala bağlı olan müəssisələr vardır ki, Ulduz fabriki də belə müəssisələrdəndir. Bu gün fabrik özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal üzərindən həyata keçirir. Yaranmış vəziyyətlə bağlı Veysəloğlu şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, Ulduz fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir.     

Qeyd etmək istərdik ki, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri etmişdir.

İctimaiyyətlə əlaqələr departamenti