BAĞLA
site by dream@rt
 

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar ziyarət edildi

01.06.2016

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Ulduz Şokolad Fabriki Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 saylı tam orta İnternat Məktəbi”ndə bayram şənliyi təşkil edib. Fabrik rəhbərliyinin də iştirak etdiyi tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb.

Veysəloğlu Şirkətlər Qrupu və Ulduz şokolad fabriki hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları yad edərək onlara müxtəlif hədiyyələr və gigiyenik vasitələr təqdim edib. Ümumilikdə 160 uşağın təhsil alıb yaşadığı bu məkanda uşaqlar üçün yaradılmış şərait həqiqətən də qürurverici və təqdirəlayiqdir. Azərbaycan müstəqillik dövründə uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib və keçirməkdə davam edir.

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən təşkil olunan 1950-ci il iyunun 1-də "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı qəbul olunub. Həmin tarixi gündən iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. 

Xatırladaq ki, Azərbaycan müstəqillik qazandıqdan sonra BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasına qoşulub. Bu Konvensiyaya görə ailə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir. Bu baxımdan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" səmərəli tədbirlərin həyata keçirilməsi və konkret müsbət nəticələrin əldə edilməsinə yönəldilib.