BAĞLA
site by dream@rt
 

Ağdamda şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunan bədii-sənədli filmin təqdimatı olub

13.07.2018

Bu gün onun doğum günüdür. Yaşasaydı, 44 yaşı olacaqdı. Amma tale onun 4-ləri qoşalaşdırmasına imkan vermədi. Söhbət Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovdan gedir. Belə ki, Ağdam rayonunda qəhrəman zabitimizin xatirəsinə həsr olunan “Ruhun həsrəti” bədii-sənədli filminin təqdimat mərasimi keçirilib. “Veysəloğlu” Şirkətlər Qrupunun dəstəyi ilə ərsəyə gələn bəddi-sənədli filmin təqdimatında millət vəkili Qənirə Paşayeva, Xalq artisti Nurəddin Mehdixanlı, professor Cahangir Məmmədli, filmin yaradıcı heyəti, yerli icra hakimiyyətinin nümayəndə heyəti və digər qonaqlar iştirak ediblər. Həmçinin tədbirə Raquf Orucovla aprel döyüşlərində çiyin-çiyinə vuruşan zabit yoldaşları da qatılıblar. 
Tədbirdə Ağdamda Raquf Orucovun xatirəsinə həsr olunan futbol turnirinin mükafatlandırma mərasimi baş tutub. “Veysəloğlu” Şirkətlər Qrupu adından dövlətçiliyin, milli dəyərlərin qorunmasında, qəhrəman şəhidlərimizin təbliğində göstərdiyi səy və bacarığa görə Ağdam rayonu 2 saylı Bənövşəli qəsəbə məktəbinin rəhbərliyinə “Təşəkkürnamə” plaketi təqdim olunub. 
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, I Qarabağ müharibəsinin qazisi Raquf Orucov 12 iyul 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində anadan olub. 1990-cı ildə Sovet qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılaraq, çətin günlərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub. Raquf Orucov Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb. 
Xatırladaq ki, Raquf Orucov 2016-cı il aprelin 4-də gedən döyüşlərdə qəhrəmancasına həlak olub.