BAĞLA
site by dream@rt
 

Veysəloğlu Şirkətlər Qrupu cəbhəyanı bölgədə əsgərləri ziyarət edib

22.12.2017

“Veysəloğlu” Şirkətlər Qrupu və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami, Nəsimi və Nərimanov təşkilatlarının birgə təşəbbüsü ilə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə səfər təşkil olunub. Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı öncəsi əsgər və zabitlərlə görüş keçirilib. Əvvəlcə qonaqlar cəbhəyanı və cəbhədə xidmət göstərən əsgərlərimizin məişət şəraiti ilə maraqlanıblar. Onlar hərbi hissədə əsgər yataqxanasında və yeməkxanasında yaradılmış şaraitlə də əyani tanış olublar. Əsgər və zabitlərlə görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova iştirak ediblər. Onlar əsgərlərimizin xidməti, məişət şəraiti ilə yaxından maraqlanıblar. Əsgərlərlə söhbətlər aparılıb, onlara bayram təbrikləri çatdırılıb. Görüşdə Bakının orta məktəblərində təhsil alan şagirdlərin ürək sözlərinin əks olunduğu məktublar əsgərlərə paylanılıb. Əsgərlər aldıqları məktubu yerindəcə oxuyaraq, böyük qürur hissi keçirdiklərini və ruhlandıqlarını bildiriblər. Sonda “Veysəloğlu” Şirkətlər Qrupunun əsgərlər üçün göndərilən bayram sovqatı onlara təqdim olunub, qarşıdan gələn bayramları təbrik edilib.