BAĞLA
site by dream@rt
 

“Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan, Türkiyədə keçirilən “Bir millət, iki dövlət” adlı sərgiyə dəstək verib

06.08.2018

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Beynəlxalq Avrasiya Araşdırmaları İnstitutu İB, həmçinin Antalya Jurnalistlər Cəmiyyəti, Antalya Türk Ocaqları, “AzəriMed”, “Veysəloğlu” şirkətlərinin və “Lider Lojistik”in dəstəyi ilə Antalyada fiziki imkanları məhdud olan iki gənc istedadlı rəssam Ramil Əhmədov və Behbud Cəfərquliyevin sərgisi təşkil edilib.

Kult.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan və “Bir millət, iki dövlət” adlanan sərgidə bələdiyyə başqanları, QHT, KİV rəhbərləri və çoxlu aydınlar iştirak edib.

Millət vəkili Qənirə Paşayeva çıxışında gənc rəssamların fitri istedadından bəhs edib: “Bu iki istedadlı gəncin əsərləri bir daha sübut edir ki, fiziki məhdudiyyətli insanlar cəmiyyətdə heç də digər yaşıdlarından geri qalmır, əksinə, daha çox həyata bağlanaraq, öz xəyal və arzularını gerçəkləşdirməyə can atır. Tamaşaçı sərgidə nümayiş edilən əsərlərə baxdıqca sanki Ramil Əhmədovun və Behbud Cəfərquliyevin işıqlı könül dünyasına səyahət edir, onların xəyal və fikirlərinin məhsulu ilə tanış olur”.

Q.Paşayeva hər iki rəssamın Azərbaycan, Türkiyə, Qarabağla bağlı çəkdiyi əsərlərin önəmini xüsusilə vurğulayıb: “Ramil və Behbudun qəlbində böyük bir türk dünyası sevdası var və bir millət iki dövlət düşüncəsini onların bir sıra əsərlərində görmək mümkündür. Türkiyəni heç zaman görməsələr də, qardaş ölkəni çəkən bu gəncləri türk dünyası daha yaxından tanımalıdır”.

Veb saytlar