BAĞLA
site by dream@rt
 

MEK Xalq artisti Rasim Balayevin 70 illik yubileyini qeyd edib

25.07.2018

AMEA Mərkəzi Elmi Kitabxana / İnformasiya Resursları Mərkəzi (MEK) Xalq artisti, prezident təqaüdçüsü, Şöhrət ordenli Rasim Balayevin 70 illik yubileyini qeyd edib. “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlanan tədbirdə Mədəniyyət Nazirliyinin, AMEA-nın, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, “Veysəloğlu” Şirkətlər Qrupunun əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, aktyorun sənət dostları, doğmaları, Türkiyədən olan sənətçilər, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan kitabxananın direktoru Leyla İmanova bildirib ki, MEK fondlarında “Rasim Balayev” kateqoriyasına aid edilmiş kitab, jurnal, dissertasiyalar, eləcə də Rasim Balayevin iştirakı ilə çəkilmiş filmlər, müsahibələr və verilişlər Mərkəzi Elmi Kitabxananın elektron kataloqu ilə yanaşı, Milli Rəqəmsal Bazasına da daxil edilib və istifadəçilərin ixtiyarına verilib. L.İmanova qeyd edib ki, MEK informasiya istehsalçısı olaraq, nəzdində fəaliyyət göstərən Vikipediya Metodik Mərkəzi, “Qorqud” viki-könüllülər qrupu “Şəms” Tərcümə Xidmətləri Mərkəzi ilə birlikdə Rasim Balayevin Azərbaycan dilli vikipediyadakı səhifəsini redaktə edib, ərəb, fars, türk və gürcü dilli vikipediyalarda Rasim Balayevin viki-səhifəsini yaradıb, bununla da informasiya məkanında mövcud boşluq qismən də olsa aradan qaldırılıb. Eyni zamanda, MEK tərəfindən Rasim Balayevə həsr olunan film hazırlanıb MEK-in Youtube kanalında yerləşdirilib. L.İmanova öz çıxışında Rasim Balayevin iştirakı ilə Anar, Tofiq Tağızadə, Eldar Quliyev, Ənvər Məmmədxanlı, Həsən Seyidbəyli, İsa Hüseynov, Ramiz Həsənoğlu kimi korifeylərin yaratdığı Beyrək, Babək, Nəsimi və digər qəhrəman obrazlarının gənc nəslə təsir imkanlarından, kino klassikasına çevrilmiş Azərbaycan filmlərinin bərpasından, gənc nəslin informasiya qavrayışı özəlliklərinin nəzərə alınması ilə əsrlərdən, zamanlardan keçən Nəsimi, Beyrək, Babək, Mirzə Fətəli Axundov, Cavid kimi layiqli Azərbaycanlı obrazlarını özündə cəm edən vahid kiber-obrazın yaradılmasından danışıb. 
ADMİU-nun Səhnə danışıq kafedrasının müəllimi, Rasim Balayevin tələbəsi olmuş Əlizaman İknurun təqdimatından sonra MEK-in Xalq artistinin həyat və yaradıcılığını əks etdirən “Rasim Balayev. Milli yaddaşda qəhrəman obrazı” adlı filmi nümayiş olunub. 
Mədəniyyət Nazirliyinin nümayəndəsi Elşad Əliyev görkəmli aktyorun sənətindən, yaradıcılığından danışıb. Yubilyarı Mədəniyyət Nazirliyi adından təbrik edən E.Əliyev aktyora can sağlığı, yaradıcılıq uğurları arzulayıb.
Sonra musiqili tədbirin tərtibatına uyğun olaraq incəsənət və mədəniyyət xadimlərinin çıxışları və ifaları dinlənilib. Çıxış edənlərdən xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Azər Paşa Nemətov, əməkdar incəsənət xadimləri Baba Vəziroğlu, kinorejissor Şeyx Əbdül Mahmudov, əməkdar artistlər İstanbul şəhər bələdiyyə teatrının müdir müavini Məlahət Abbasova, bəstəkar-müğənni Qasım Xəlilov, Ötkəm İsgəndərov, Musiqili Dram Teatrının aktyoru Nadir Xasıyev Rasim Balayev şəxsiyyətinin və sənətinin parlaq cizgiləri haqqında öz düşüncələrini bölüşüblər. Muğam ifaçılarından xalq artistləri Zabit Nəbizadə, Teyyub Aslanov, Əməkdar artist Elnarə Abdullayeva, muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyev, xanəndə Elbrus Niftəliyev, bəstəkar-müğənni Qasım Xəlilov Azərbaycan musiqisinin ecazkar nümunələri ilə məclisi rövnəqləndiriblər. Xalq artistinin tələbə yoldaşları Vaqif Əsədov, Elmi Mirzəliyev aktyor haqqında maraqlı və xoş xatirələrini yada salıblar. “Veysəloğlu” Şirkətlər Qrupu adından şirkətin vitse-prezidenti İlqar Nuri də çıxış edərək Xalq artisti Rasim Balayevi yubiley münasibəti ilə təbrik edib. 
Sonda Rasim Balayev öz ürək sözlərini bölüşüb, yubiley gecəsinin təşkilatçısı olan MEK-ə və bütün sənət dostlarına, tədbir iştirakçılarına xüsusi minnətdarlığını və ehtiramını bildirib.
Məlumat üçün bildirək ki, “Rasim Balayev” adlı elektron resurs artıq MEK istifadəçilərinin ixtiyarındadır.