İyul ayı üzrə Pərakəndə İndeksini açıqladıq

“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2020-ci ilin iyul ayı ilə müqayisədə 2021-ci ilin iyul ayında 4,8% artım müşahidə edilir. Belə ki, 2021-ci il iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə təzə qida məhsullarında 1,2%, qida və spirtsiz içkilərdə 8,2%, alkoqol və tütün məmulatlarında isə 5,5% artım olub.

İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı 4317 məhsul daxil edilib. Bu siyahıya qısamüddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq verilir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.

“Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyən Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına sadiqliyini nümayiş etdirir.