“Qayıdış” Qəhrəmanlara Dəstək sərgisini təşkil etdik

Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə 5-11 noyabr tarixlərində “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi keçirildi. Zəfər Gününə həsr edilən sərgidə millət vəkilləri, ictimai xadimlər, əməkdar rəssamlar, sənətşünaslar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

Tədbir başlamazdan əvvəl böyük zəfəri xalqımıza yaşadan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla anıldı. Giriş sözü ilə çıxış edən Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bu tarixi günün əhəmiyyətindən və sərginin keçirilmə məqsədindən söhbət açdılar. Bildirildi ki, qəhrəmanlar və onların ailələrinə dəstək olmaq məqsədi ilə təşkil edilən bu sərgiyə qısa zaman kəsiyində 100-dən artıq müraciət olunub, 50-yə yaxın əsər nümayiş üçün qəbul edilib.

Sərgidən əldə edilən gəlirin 70 faizinin “YAŞAT” Fondunun, 30 faizinin isə rəsm əsərlərinin müəlliflərinin hesabına köçürülməsi nəzərdə tutulub.

Sərgi günlərində müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış olan ziyarətçilər bəyəndikləri əsərləri alaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstəyi ifadə etmiş oldular. Sərgi çərçivəsində rəssamlar arasında müsabiqə keçirildi və qaliblərə hər üç təşkilatın imzası olan diplomlar təqdim edildi.