Məhsul qiymətlərində illik dəyişiklikləri açıqladıq

Veysəloğlu Şirkətlər Qrupu ən yüksək alıcı tələbatı olan məhsulların 2021-ci il üzrə qiymət indeksini açıqlayıb.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, məhsulların qiymətində 2020-ci ilin yanvar-dekabr aylarına nisbətən 2021-ci ilin yanvar-dekabr aylarında orta hesabla 6,3% artım müşahidə olunub.

“Veysəloğlu Pərakəndə İndeksi” nədir?

İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.

“Veysəloğlu Pərakəndə İndeksi”nin hesablanmasında bu düsturdan istifadə olunur:

Veysəloğlu Pərakəndə İndeksi=(Cari dövr istehlak səbətinin qiyməti)/(Baza dövrü istehlak səbətinin qiyməti)×100%

Məsələn, təsəvvür edək ki, tipik bir istehlakçı (müştəri) hər ay 5 kq alma, 2 kq armud alır və onun ümumi istehlak (məhsul) səbəti yalnız bu məhsullardan ibarətdir. Bu ay almanın 1 kiloqramının qiyməti 1 manat, armudun 1 kiloqramının qiyməti isə 2 manatdır. Keçən ay isə 1 kq alma 0.98 manat, 1 kq armud isə 1.95 manat olub. Bu zaman “Veysəloğlu Pərakəndə İndeksi” belə hesablanacaq:

Veysəloğlu Pərakəndə İndeksi=(almanın çəkisi×almanın cari qiyməti+armudun çəkisi×armudun cari qiyməti)/(almanın çəkisi×almanın keçən aya olan qiyməti+armudun çəkisi×armudun keçən aya olan qiyməti)×100%

Beləliklə, Veysəloğlu Pərakəndə İndeksi aşağıdakı kimi hesablanacaq:

(5×1+2×2)/(5×0.98+2×1.95)×100%=102%

“Veysəloğlu Pərakəndə İndeksi” hər ayın 6-cı iş günü ictimaiyyət və maliyyə qurumları ilə paylaşılır. Şirkətlər Qrupu bu indekslə alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehsaldan distribusiyaya, logistikaya, supermarket şəbəkələri vasitəsilə müştərilərlə birbaşa qarşılıqlı əlaqəyə qədər tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən qabaqcıl və çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ səmimiyyətlə inanır ki, qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı təkcə ictimai müzakirələr üçün dəbdə olan mövzular deyil, əksinə, ölkənin iqtisadi inkişafı üçün yeganə əlverişli yoldur.