Biznes fəaliyyətinə 1992-ci ildə biskvit-peçenye məhsullarının topdan ticarəti ilə başlayan Aydın Talıbov, 1994-cü ilin 5 noyabr tarixində Türkiyədən Azərbaycana ilk iri həcmli idxalını həyata keçirməyə nail oldu. Bu hadisə ilə “Veysəloğlu Distribusiya” şirkətinin, o cümlədən gələcəkdə yaranacaq Veysəloğlu Şirkətlər Qrupunun əsası qoyuldu.
Bu gün Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən biridir. Gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Şirkətlər Qrupuna distribusiya, istehsalat və pərakəndə mağazaçılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir.
Topdan satış və distribusiya
Fəaliyyətə “Veysəloğlu Dirstribusiya” şirkətini qurmaqla başlayan və hazırda dünyanın bir çox tanınmış markalarının 4025 çeşiddən çox məhsulunu ölkə üzrə distribusiyasını həyata keçirən Şirkətlər Qrupu, qida məhsullarının distribusiyası üzrə ölkədə aparıcı mövqeyə malikdir.
Şirkətlər Qrupu 2010-cu ildə Gürcüstanda "VG" şirkətini yaradaraq distribusiya xidmətini xarici bazara çıxardı. Hazırda Gürcüstan bazarında müxtəlif ölkələrdən 31 istehsalçı ilə əməkdaşlıq edilir və 400-ə yaxın məhsulun satışı həyata keçirilir.
Şirkətlər Qrupu 2015-ci ildə dənli-paxlalı və şəkər tozu məhsullarının topdan ticarəti üzrə ixtisaslaşan “V-Trade” və 2018-ci ildə isə iaşə obyektlərinə qida məhsullarının topdan tədarükü üzrə ixtisaslaşan “Vesta Horeka” brendlərini yaratdı.
Logistika mərkəzləri və xidmət ofisləri
"Veysəloğlu" şirkəti 2001-ci ildə Mingəçevir şəhərində ilk regonal logistika mərkəzini qurdu. Ölkədə anbar sistemində ilk dəfə "Rollcage" sistemini tətbiq edən şirkət, 2006-cı ildə Salyan şəhərində digər regional logistika mərkəzini yaratdı.
"Veysəloğlu" şirkəti 2007-ci ildə Bakı şəhərinin Keşlə ərazisində 6700 palet tutumlu və ölkənin ilk peşəkar anbarının əsasını qoydu. "Veysəloğlu" şirkəti həmin il və ölkədə ilk dəfə təchizat zəncizində avtomatlaşdırılmış anbar sistemini tətbiq etdi.
Şirkətlər Qrupu 2017-ci ildə Abşeron rayonunun Məhəmmədi kəndində Qafqazın ən böyük logistika mərkəzini və ilk A+ tipli anbarını istifadəyə verdi. Məhəmmədi Logistika Mərkəzi hər gün 64000 kilometr yol qət edilərək Azərbaycanın 4500 nöqtəsində müştərilərə mal çatdırır.
Şirkətlər Qrupunun Azərbaycan və Gürcüstanın bir çox bölgələrində xidmət göstərən çox sayda ofisləri 24 saat ərzində müştərilərə vaxtında çatdırılmanı təmin edir.
İstehsalat
Şirkətlər Qrupu 2000-ci ildən başlayaraq istehsalat sektorunda kağız dəsmal, şokolad, un məmulatları və içməli su istehsalı sahələrində biznes təşəbbüsləri ilə çıxış etdi. Qrup 2001-ci ildə ölkənin ən böyük şokolad fabrikini - “Ulduz”u qurdu. Qənnadı məhsulları sahəsində “Milli brend” statusunu qazanan bu fabrik əsasən şokolad konfetləri, karamellər, qutu şokoladlar, draje və vafli məhsulları istehsal edir. Unlu məmulatların istehsalı üzrə ixtisaslaşmağa davam edən Qrup, 2016-cı ildə “Xonça” şirniyyat fabrikini təsis etdi. Müştərilərinə ketrinq xidməti və dondurulmuş məhsullar təqdim edən “VİP-Prod” fabriki isə 2022-ci ildən xidmət göstərir
Sovet İttifaqının çöküşü ilə fəaliyyətini dayandıran “Sirab” mineral sular zavodunun yenidən qurularaq ölkə iqtisadiyyatına qazandırılması istiqamətində xüsusi səylər göstərən sahibkar investor kimi, 2002-ci ildə zavodun bərpa olunmasında iştirak etdi. O, həmçinin 2023-cü ildən ölkənin ən qədim mineral su brendi olan "Badamlı" mineral sular zavodunun investorlarından biridir.
Şəbəkə marketləri
Pərakəndə satış sahəsində sahibkarlıq fəaliyyətlərinə maraq göstərən Şirkətlər Qrupu ilk marketçilik təcrübəsini 2010-cu ildə “Bolmarket” mağazasını quraraq əldə etdi. Bu təcrübə, "Veysəloğlu"nun marketçilik sahəsində ilk cəhdi idi. Uğursuz olmasına baxmayaraq, bu, şirkətə dəyərli təcrübələr qazandırdı və gələcək marketçilik layihələrinə istiqamət verdi.
Şəbəkə mağazaçılıq sektoruna 2011-ci ildə "Araz" supermarketlər brendini yaradaraq daxil olan Şirkətlər Qrupu, daha sonra, 2014-cü ildə ölkəyə ilk dəfə beynəlxalq pərakəndə markasının, SPAR-ın gətirilməsinə nail oldu. Ölkə əhalisinin hər birinə xidmət göstərməyi hədəfləyən Qrup, 2016-cı ildə yüksək endirimli (hard-discount) mağazaçılıq modelini - "OBA" marketlər şəbəkəsini yaratdı. O, 2017-ci ildə ölkənin ilk supermarketlərindən olan "Favorit" şəbəkə marketlərini satın alaraq pərakəndə ticarət şəbəkəsini daha da genişləndirdi.
Şirkətlər Qrupu 2022-ci ildə Almaniya brendi olan "Rossmann" mağazalar şəbəkəsini yerli istehlakçılara təqdim etdi.
Hazırda ölkə üzrə 1600 saydan çox pərakəndə satış nöqtəsi ilə əhaliyə xidmət göstərən Şirkətlər Qrupu şəbəkə marketçilik sahəsində ölkə üzrə qabaqcıl mövqeyə malikdir.
İaşə sektoru
Şirkətlər Qrupu iaşə sektoruna maraq göstərməklə, 2014-cü ildə qlobal “Entrée” brendinin Azərbaycana gətirilməsində investor kimi xüsusi rol oynadı. Hazırda Bakı şəhərində 7 “Entrée” kafesi əhaliyə yüksək keyfiyyətli iaşə xidməti göstərir.