share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp
Təsisçi və Baş icraçı direktor

Təsisçi və Baş icraçı direktor Aydın Talıbov haqqında:

Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kəndində zəhmətkeş bir ailədə dünyaya gəlib.

Aydın Talıbovun sahibkarlıq və idarəetmə sahəsində qazandığı uğurların təməlini uşaqlıq və gənclik illərində əldə etdiyi ticari və idarəetmə təcrübələri təşkil edib. Hazırkı nailiyyətlərinin dərin köklərinindən xəbər verən bu təcrübələr onun gələcəkdə uğurlu iş adamı kimi formalaşmasına təsir göstərib. Onun ticarətə marağı erkən yaşlarından özünü göstərirdi. Orta məktəb illərində yay tətillərində atasına ailə təsərrüfatında yetişdirdikləri meyvələrin bazara daşınması və təqdim edilməsində kömək edirdi. Ali təhsil illərində isə həm təhsil xərclərini qarşılamaq, həm də ailəsinə dəstək olmaq üçün dərsdən sonra və yay tətillərində meyvə satışını birbaşa özü həyata keçirirdi. Bu təcrübələr onun bazar və müştərilərlə işləmə bacarıqlarının formalaşmasında mühüm rol oynadı.

Məktəb illərində dəqiq elmlərə böyük maraq göstərən Aydın Talıbov, 1984-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul oldu. Birinci kursu tamamladıqdan sonra Sovet Latviyasında hərbi xidmətə çağırıldı və orada iki il xidmət etdi. Bu müddətdə əldə etdiyi təcrübələr onun məsuliyyət hissini, intizamını və liderlik qabiliyyətini formalaşdıraraq, gələcək karyerasına müsbət təsir göstərdi.

1986-cı ildə universitetdə tələbə gənclər təşkilatının sədri seçilən Aydın Talıbov, bu vəzifədə çalışarkən liderlik və ictimai fəaliyyət bacarıqlarını daha da inkişaf etdirdi. Onun bu rolu, gənclər arasında nüfuz qazanmasına və təşkilati işlərdə təcrübə toplamasına şərait yaratdı.

1987-ci ildə Tümen şəhərində "Texnoloq 87-88" proqramı çərçivəsində iki dəfə 40 nəfərlik briqadaya rəhbərlik edərək məktəb tikintisi həyata keçirdi. Bu layihələr, onun təşkilati və idarəetmə bacarıqlarını əhəmiyyətli dərəcədə gücləndirdi və gələcək peşəkar fəaliyyətində qarşılaşacağı çağırışlara hazır olmasına töhfə verdi.

Aydın Talıbov 1989-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra üç il ərzində Naxçıvan MR-da Dövlət Plan Komitəsində və Nazirlər Kabineti yanında Əsaslı Tikinti İdarəsində çalışdı.

O dövrdə dolanışıqda çətinlik çəkən və gündəlik qazanc üçün kiçik ticarətə yönələn minlərlə azərbaycanlı gənc kimi, Aydın Talıbov da ticarətlə məşğul olmağa qərar verdi. Sahib olduğu ticarət bacarıqlarına olan inamı, ailəsinin etirazlarına baxmayaraq, onu 1992-ci ildə işindən istefa edərək sahibkarlıq fəaliyyətinə başlamağa təşviq etdi. Atasından aldığı 50 dollarla ticarətə başlayan Aydın Talıbov, Türkiyə və İrandan əl yükləri ilə müxtəlif mallar gətirib Azərbaycanda və Rusiyada sataraq dolanışığını təmin etməyə çalışırdı. Türkiyədən gətirdiyi şokoladların Bakıda topdan satışını həyata keçirməklə o, ticarətdə ilk addımını  atmışdı.

İki il ərzində iki dəfə iqtisadi tənəzzülə məruz qalmasına baxmayaraq, Aydın Talıbov inadkarlığı və sahibkarlıq ruhu ilə ticarət fəaliyyətini davam etdirdi və 1993-cü ildə “Aydın” MMC-ni təsis etdi.

1994-cü ilə qədər Azərbaycan, Rusiya, İran və Türkiyə bazarlarında və bu ölkələr arasında bazarın tələbinə uyğun olaraq müxtəlif məhsullar ilə ticarətlə məşğul olan Aydın Talıbov, yalnız bir istiqamətə - peçenye və şokolad ticarətinə yönəlməyə və bu sahəni dərinləşdirməyə qərar verdi. Onun bu strateji qərarı sonradan yaranacaq “Veysəloğlu” şirkətinin əsasını qoydu.

İki il ərzində ticarət fəaliyyətindən yarı TIR məhsul (Türkiyə istehsalı olan şokoladlar) alacaq qədər vəsait toplayan Aydın Talıbov, türkiyəli bir iş adamını ortaqlığa cəlb edərək, Türkiyədən (İğdirdən) Bakıya ilk iri həcmli idxalını həyata keçirdi. 

Ölkənin mürəkkəb siyasi-iqtisadi dövründə bütün sərmayəsini bir beynəlxalq əməliyyata yatırmaqla böyük bir riskə gedən Aydın Talıbov, bu hadisəni ticarət həyatında mühüm addım olduğunu qeyd edərək, TIR-ın Bakıya çatdığı 5 noyabr 1994-cü ili “Veysəloğlu”nun yaranma günü elan etdi. Beləliklə, bu hadisə "Veysəloğlu" şirkətinin yaranmasının simvolik başlanğıcına çevrildi. 

Uğurlu biznes fəaliyyəti ilə iqtisadiyyata verdiyi töhfələrə görə, 2 fevral 2018-ci ildə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülən Aydın Talıbov, iş həyatında əldə etdiyi geniş təcrübələri ilə həm öz ölkəsində, həm də beynəlxalq səviyyədə nüfuz qazanmışdır.

Ailəlidir, bir övladı var.