Aydın Talıbovun həmkarlar və tərəfdaşlara müraciəti:
Dəyərli həmkarlar və tərəfdaşlar,
Veysəloğlu Şirkətlər Qrupu olaraq, fəaliyyətimizdən 30 il ötür və bu müddətdə “sınaqsız bir ilimiz də olmadı” desəm, yanılmaram. Sınaqlar və çağırışlar, uğurlar və uğursuzluqlar hamısı bu yolun ayrılmaz bir hissəsidir. Nə yaxşı ki, qarşılaşdığımız hər sınaqdan öyrənərək və daha təcrübəli çıxırıq.
Geriyə dönüb baxdıqda qürurla deyə bilirəm ki, biz zəhmət və inamla başladığımız bu yolda kifayət qədər böyük məsafə qət etmişik. Distribusiya fəaliyyətimizi genişləndirərək tədarük zəncirini başdan-başa idarə etməyə nail olmuşuq. Müştərilərimiz, əməkdaşlarımız, partnyorlarımız və cəmiyyətin məmnuniyyətinə nail olmaq və bizə olan etimadı doğrultmaq üçün böyük zəhmət və sevgi ilə çalışırıq.
Missiyamız müştərilərimizi münasib qiymətə keyfiyyətli məhsullarla təmin etmək, etibarlı tərəfdaşlıq edərək tədarükçülərimizin inkişafına töhfə vermək, əməkdaşlarımız üçün ədalətli və potensiallarını reallaşdıracaqları iş mühiti yaratmaq, cəmiyyət və ətraf mühit qarşısında öhdəliklərimizi yerinə yetirməklə dayanıqlı inkişafı dəstəkləməkdir. Bu böyük məqsədə xidmət etmək bizim üçün bir şərəf işinə çevrilmişdir.
Ərzaq təhlükəsizliyi, davamlılıq və yeni iş yerlərinin yaradılması kimi məsuliyyətli öhdəlikləri mənimlə paylaşan və çiyin-çiyinə addımladığım iyirmi mindən çox üzvü olan Veysəloğlu ailəsinin hər bir fərdinə təşəkkür edirəm. Son dövrlərdə hər il 2000-nə yaxın yeni iş yeri yaratmışıq və bu da mənim üçün uğur göstəricilərindən biridir. Əməkdaşlarımıza layiqli iş şəraiti yaradılması və ölkəmizin əmək bazarı üçün peşəkar kadrların yetişdirilməsi prioritetimizdir.
Bizim işimiz yalnız biznes deyil. Cəmiyyət və ətraf mühit ilə bağlı məsuliyyətimizi ciddi qəbul edir və dayanıqlılığa töhfə veririk. Nümunə üçün deyim ki, qapalı anbarımızda tullantıların yenidən emalı, proseslərin kağızsız həyata keçirilməsi kimi yanaşmaları tətbiq edirik. Bizim üçün dayanıqlılıq yalnız trend olan bir kəlmə deyil, bu, işimizin hər mərhələsində yaratdığımız dəyərdir.
30 ildir ki, Veysəloğlu məhsul və xidmətlərindən istifadə edən və bizi daha yaxşı işlər görməyə ruhlandıran həmvətənlərimə təşəkkür edirəm. Sizin dəstəyinizlə ölkəmiz üçün dəyər yaratmağa davam edirik.
Aydın Talıbov
Təsisçi və Baş icraçı direktor