share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru beynəlxalq sammitdə strateji liderliklə bağlı yeni yanaşma ortaya qoydu

Veysəloğlu Şirkətlər Qrupunun İR direktoru beynəlxalq sammitdə strateji liderliklə bağlı yeni yanaşma ortaya qoydu
23 may 2025 Cəmiyyətə dəyər yaratmaq

Azərbaycan HR İnstitunun təşkilatçılığı ilə “International HR Summit 2025” çərçivəsində Bakı Marriott Boulevard Hoteldə keçirilən tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Mədəniyyət Ofisinin rəhbəri və Qrupun İR direktoru Ziya Rəcəbov “People-Centred Leadership & Lifelong Growth” panelində çıxış edib.

Ziya Rəcəbov ilk dəfə “vizyonun lideri” anlayışını təqdim edərək vurğulayıb ki, şirkətlərə çoxsaylı "vizyon liderləri" deyil, mövcud strateji baxışı dərk edən, onu həyata keçirən və inkişaf etdirən "vizyonun liderləri" lazımdır.

O, çıxışını Qarabağ xalçası, Atatürk və Nadir Şah metaforaları üzərində quraraq, liderliyə kulturoloji və tarixi yanaşma gətirib. Bu yaradıcı və dərinlikli təqdimat tədbir iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

Rəcəbov çıxışında qeyd edib ki, insanyönümlü liderlik yalnız empati və xoş münasibətlə məhdudlaşırsa, bu, şirkətlər üçün yetərli deyil. Onun fikrincə, bu anlayış yalnız ölçülə bilən nəticələrə təsir edən idarəetmə sistemləri mövcud olduqda dəyər qazanır. Bu zaman artıq insanyönümlü liderlik ekosistemi qurulmuş sayılır.

O, əlavə edib ki, “vizyonun lideri olmaq” itaət deyil, əksinə, yaradıcı düşüncə, tənqidi yanaşma və təşəbbüskarlıq nümayiş etdirməkdir. Bu liderlər şirkət vizyonunu yalnız izləmirlər – onu yaşayır, yaşadır və inkişaf etdirirlər. “Şirkətlərə lazım olan gerçək liderlər – məhz bu əməkdaşlardır”, – deyə Rəcəbov fikrini yekunlaşdırıb.

Panelin sonunda Ziya Rəcəbov iştirakçılara çağırış edərək bildirib ki, təşkilatlarda adətən vahid bir vizyon və onu formalaşdıran bir vizyoner lider olur. Onun sözlərinə görə, alternativ vizyonların yaradılması məhsuldarlığı azalda, komanda harmoniyasını poza bilər.

“Yeni vizyonlar axtarmaqdan öncə, mövcud vizyonu anlamağa və onun bir parçasına çevrilməyə çalışın,” – deyə o bildirib.

O əlavə edib ki, liderlik tapşırıq gözləməklə yox, təşəbbüs göstərməklə başlayır. Bu yanaşma əməkdaşları daha məqsədyönlü, məhsuldar və iş həyatında daha xoşbəxt edir.

Ziya Rəcəbovun təqdimatı HR Summit 2025 çərçivəsində ən çox diqqət çəkən çıxışlardan biri olub və liderliyə yeni bir konseptual yanaşma – “vizyonun lideri olmaq” anlayışını tədbir gündəminə gətirib.