Veysəloğlu Şirkətlər Qrupu tərəfindən elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində həyata keçirilən maarifləndirici tədbirlər və təşəbbüslər uğurla davam edir. Başlıca məqsəd ictimaiyyətin, xüsusilə də qida sahəsində təhsil alan gənc mütəxəssislərin bu istiqamətdə bilik və məlumatlılıq səviyyəsinin artırılmasıdır.
Bu məqsədlə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qida Təhlükəsizliyi və Qida Məhsullarının Mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri üçün ardıcıl olaraq iki infotur təşkil olunub. Tələbələr əvvəlcə Veysəloğlu Şirkətlər Qrupuna məxsus Məhəmmədi qəsəbəsində yerləşən Logistika Mərkəzinə, daha sonra isə “Ulduz” Şokolad Fabrikinə səfər ediblər.
Logistika Mərkəzi və “Ulduz” Şokolad Fabrikində keçirilən infoturlar zamanı tələbələrə Veysəloğlu Şirkətlər Qrupunun və ümumilikdə pərakəndə sektorunun ölkə iqtisadiyyatının inkişafındakı rolu barədə ətraflı məlumat verilib. İnfoturlardan əvvəl tələbələr təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılıb.
Müasir tipli logistika mərkəzlərindən biri hesab olunan məkana təşkil olunan infoturların əsas məqsədi tələbələrə anbar fəaliyyətinin fasiləsiz təşkili, yükləmə-boşaltma işlərinin yüksək səviyyədə necə həyata keçirilməsi, məhsulların qəbulu, saxlanması, daşınması və dövriyyəsi daxil olmaqla qida zəncirinin bütün mərhələlərində təhlükəsizlik tələblərinə necə riayət olunduğunu göstərmək olub. Həmçinin, istehlak bazarına yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş, qeydiyyata alınmış subyektlər tərəfindən istehsal və ya idxal edilmiş, qida təhlükəsizliyi üzrə texniki normativ hüquqi aktlara uyğun məhsulların çıxarılması prosesi əyani şəkildə nümayiş etdirilib.
Görüş çərçivəsində ziyarətçilərə məhsulların qəbulundan başlayaraq onların uyğun şəraitdə saxlanılması, FİFO və FEFO prinsipləri, “soyuq zəncir”in qorunması, çeşidlənməsi və ölkə üzrə mağazalara təhlükəsiz şəkildə daşınması mərhələləri real şəraitdə təqdim olunub.
Tələbələrə anbarların sistemli şəkildə idarə olunması üçün tətbiq edilən qabaqcıl proqram təminatları və texnologiyaların üstünlükləri barədə də ətraflı məlumat verilib. Anbarda gedən bütün proseslər, həmçinin daşımanı həyata keçirən nəqliyyat vasitələrinin izlənməsi , sistem üzərindən minimal resursla, kağızsız və yalnız barkodla əməliyyatların xətasız icrası həyata keçirilməsi, əlavə müdaxiləyə ehtiyac olmadan hesabatların çıxarılması, əməliyyatların qeydiyyatı və performans dəyərləndirilməsi imkanları nümayiş etdirilib.
“Ulduz” Şokolad Fabrikində təşkil olunan infotur zamanı tələbələr Mərkəzi Sınaq Laboratoriyası ilə tanış olublar. Bildirilib ki, laboratoriyada müxtəlif məhsullar üzərində mütəmadi olaraq fiziki-kimyəvi və mikrobioloji sınaqlar aparılır. Eyni zamanda qeyd olunub ki, bu laboratoriya hazırda akkreditasiya mərhələsindədir və beynəlxalq tələblərə cavab verən keyfiyyət standartları üzrə fəaliyyət göstərir.
Tədbir zamanı fabrikin keyfiyyətə nəzarət şöbəsinin müdiri tələbələr üçün geniş təqdimatla çıxış edərək müəssisənin fəaliyyət istiqamətləri, məhsulların təhlükəsiz istehsalı və tətbiq edilən idarəetmə sistemləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, “Ulduz” Şokolad Fabriki İSO 22000 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi), İSO 9001 (Keyfiyyət İdarəetmə Sistemi), eləcə də beynəlxalq nüfuza malik IFS (International Featured Standards) və BRCGS (Brand Reputation through Compliance) kimi qida təhlükəsizliyi və keyfiyyət üzrə beynəlxalq sertifikatlara malikdir. Bu sertifikatlar müəssisənin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və istehlakçılara etibarlı məhsullar təqdim etdiyini təsdiqləyir.
Bildirilib ki, fabrik bu gün dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət aparmaq imkanına malikdir. “Ulduz” markalı məhsullar hazırda 20-dən artıq ölkəyə ixrac olunur.
Hər iki infotur müddətində tələbələrin çoxsaylı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və iştirakçılar tərəfindən tədbirlər böyük maraqla qarşılanıb.
Veysəloğlu Şirkətlər Qrupu olaraq, gələcək qida mütəxəssislərinin inkişafına töhfə verən bu cür maarifləndirici təşəbbüslərin davam etdirilməsi planlaşdırırıq.






