Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Bakı Mühəndislik Universitetinin “Qida mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbə və müəllim heyəti üçün “Qida təhlükəsizliyi ayı” çərçivəsində növbəti infotur təşkil olunub. Tədbir çərçivəsində iştirakçılar “Xonça” qənnadı fabriki və Şirkətlər Qrupuna məxsus olan Logistika Mərkəzi ilə yaxından tanış olublar.
Birləşmiş Millətlər Təşkilatının (BMT) elan etdiyi “Qida təhlükəsizliyi: Elm fəaliyyətdədir” şüarı ilə bu il qeyd olunan “Qida təhlükəsizliyi ayı” çərçivəsində keçirilən infotur iştirakçılara qida təhlükəsizliyi sistemlərinin praktik tətbiqi, istehsalatda gigiyena standartları, izlənəbilirlik və müasir logistika zəncirinin idarə olunması barədə ətraflı məlumat əldə etmək imkanı yaradıb.
İştirakçılara “Xonça” qənnadı fabrikində xammalın qəbulundan, məhsulun hazırlanmasından qablaşdırmaya qədər olan mərhələlər, təhlükə təhlili və kritik nəzarət nöqtələri (HACCP) sisteminin tətbiqi prosesi, həmçinin sanitariya-gigiyena tələblərinə riayət olunması ilə bağlı praktiki nümunələr təqdim olunub.
Logistika Mərkəzində meyvə-tərəvəz tədarük zəncirinin idarə olunması prosesi ilə də yerində tanışlıq olub. Qonaqlara meyvə-tərəvəzin qəbulu zamanı 40-dan çox spesifikasiyaların tələblərinin yoxlanılması, meyvələrin briks dərəcəsinin və kalibrinin təyini, bitki xəstəliklərinin aşkarlanması və digər keyfiyyətə nəzarət prosedurları əyani şəkildə nümayiş etdirilib.
Bundan əlavə, soyuq zəncirin qorunması, məhsulların anbarlarda FEFO (First Expired, First Out) və FIFO (First In, First Out) prinsiplərinə əsasən idarə olunması, həmçinin anbarda tətbiq edilən SAP proqram təminatı və bu proqram vasitəsilə anbar əməliyyatlarının avtomatlaşdırılmasının üstünlükləri haqqında geniş məlumat verilib.
Bu cür maarifləndirici təşəbbüslər gələcək qida mühəndislərinin nəzəri biliklərini praktik mühitdə tətbiq etməyə imkan yaratmaqla yanaşı, onların qida təhlükəsizliyi və keyfiyyət menecmenti sahəsində daha məlumatlı və peşəkar mütəxəssis kimi formalaşmasına dəstək olur.





