share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

UNEC Məzunları Assosiasiyası yaradıldı: əməkdaşımız İdarə Heyətinin üzvü seçilib

UNEC Məzunları Assosiasiyası yaradıldı: əməkdaşımız İdarə Heyətinin üzvü seçilib
23 iyun 2026 Veysəloğlu Şirkətlər Qrupu

UNEC-in müxtəlif illərdə məzunu olmuş, hazırda ölkənin dövlət və özəl qurumlarında rəhbər vəzifələrdə çalışan şəxslərin iştirakı ilə UNEC Məzunları Assosiasiyasının təsis yığıncağı keçirilib.

Tədbirdə UNEC Məzun Platformasının təqdimatı olub. Təqdimat zamanı bildirilib ki, platforma məzunlar arasında əlaqələrin gücləndirilməsinə, peşəkar əməkdaşlıq imkanlarının genişləndirilməsinə və universitetlə məzunlar arasında davamlı kommunikasiyanın təmin olunmasına xidmət edəcək.

Təsis yığıncağında UNEC Məzunları Assosiasiyasının İdarə Heyətinin tərkibi də müəyyənləşib. Millət vəkili Tahir Mirkişili İdarə Heyətinin sədri, “Marsol Group”un təsisçisi Tural Mustafayev isə sədr müavini seçilib.

UNEC Məzunları Assosiasiyasının təsis yığıncağında keçirilən səsvermənin nəticələrinə əsasən, Veysəloğlu Şirkətlər Qrupunun Qida Təhlükəsizliyi və Texniki Tənzimləmə üzrə baş direktorun müşaviri Şəhla Yusifzadə Assosiasiyanın İdarə Heyətinin üzvü seçilib.

Bununla yanaşı, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan şirkətlərin rəhbərləri — “Xonça” MMC-nin icraçı direktoru Rəhman Ələkbərov və “Vesta Horeca” MMC-nin icraçı direktoru Sübhan Abbasov da yeni yaradılan UNEC Məzunları Assosiasiyasına üzv olublar.

Qida sənayesi, keyfiyyət idarəetməsi və texniki tənzimləmə sahəsində uzun illər rəhbər və ekspert kimi fəaliyyət göstərən Şəhla Yusifzadənin, eləcə də digər əməkdaşlarımızın Assosiasiyada təmsil olunması universitet-sənaye əməkdaşlığının inkişafına, tələbə və məzunların peşəkarlaşmasına yönəlmiş təşəbbüslərin gücləndirilməsinə xidmət edəcək.