ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi tərəfindən təşkil olunan Azərbaycan Biznes Keys (ABCC)-2026 müsabiqəsinin I,II və III yer qalibləri Veysəloğlu Şirkətlər Qrupunda görüşdə iştirak ediblər. Görüş çərçivəsində qalib komandalar öz layihələrini şirkətin müvafiq istiqamətlər üzrə rəhbər heyətinə təqdim edib, real biznes mühiti kontekstində müzakirələr aparıblar.
ADA və Azərbaycan İqdisat Universitetinin tələbələri eyni zamanda müsabiqəyə göstərilən platin sponsorluq dəstəyinə görə Veysəloğlu Şirkətlər Qrupuna təşəkkürlərini ifadə ediblər.
Layihə rəhbəri çıxışında bildirib ki, bu müsabiqə ölkədə analitik düşüncə tərzinin formalaşdırılması və biznes təhlili bacarıqlarının inkişafı baxımından mühüm platformadır. O, Veysəloğlu Şirkətlər Qrupunun artıq ikinci ildir bu təşəbbüsə ardıcıl dəstək göstərməsini, eləcə də müsabiqədə münsiflər heyətində təmsil olunaraq prosesə töhfə verməsini xüsusi vurğulayaraq minnətdarlığını bildirib.
Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə direktoru və Qrup CEO müavini Könül Kərimova isə çıxışında gənclərin potensialına diqqət çəkərək qeyd edib:
“Bugünkü təqdimatlar göstərir ki, ölkəmizdə analitik düşünən, məlumatı düzgün şərh edən və onu real biznes həllərinə çevirə bilən gənc nəsil formalaşır. Bizim üçün belə platformalar yalnız müsabiqə deyil, eyni zamanda gələcək insan kapitalını erkən mərhələdə tanımaq və inkişaf etdirmək üçün strateji imkan yaradır. Veysəloğlu Şirkətlər Qrupu olaraq biz innovativ düşüncəyə açıq, təşəbbüskar və məsuliyyətli gənclərlə əməkdaşlığa böyük önəm veririk. Onların araşdırma, inkişaf və transformasiya layihələrində aktiv iştirakını dəstəkləməyə və bu potensialı real nəticələrə çevirmək üçün lazımi mühiti yaratmağa hazırıq”.
Görüşün sonunda tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər. Sonda xatirə fotosu çəkilib, gənclərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu gənc istedadların inkişafı, innovasiya və təhsil təşəbbüslərinin təşviqi istiqamətində layihələrə davamlı dəstək göstərir və eyni zamanda bu kimi müsabiqələrdə həm sponsor, həm də münsif qismində iştirak etməklə ölkədə bilik əsaslı iqtisadiyyatın inkişafına töhfə verir.

