share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

“Veysəloğlu” 31 yaşında – Aydın Talıbov əməkdaşlara təbrik ünvanladı

“Veysəloğlu” 31 yaşında – Aydın Talıbov əməkdaşlara təbrik ünvanladı
05 noyabr 2025 Veysəloğlu Şirkətlər Qrupu

Bu gün Veysəloğlu Şirkətlər Qrupu üçün əlamətdar gündür – fəaliyyətimizin 31 ili tamam olur. Üç onillikdən artıq bir dövr ərzində bu böyük ailə fədakar əməyin, qarşılıqlı etimadın və ortaq məqsədlərin sayəsində ölkəmizin ən güclü biznes strukturlarından birinə çevrilib. Bu münasibətlə Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov bütün əməkdaşlara səmimi təbrik ünvanlayıb.
Hörmətli Aydın Talıbovun təbrik müraciətini təqdim edirik:

“Dəyərli həmkarlarım,
Əziz Veysəloğlu ailəsi!

Bu gün – 5 noyabr 2025-ci il – Şirkətlər Qrupumuz üçün qürurverici bir tarixdir.


Biz bir ailə olaraq 31 illik uğur yolumuzu birlikdə qeyd edirik.


1994-cü ildə başlayan bu yol bu gün 29 mindən çox əməkdaşın zəhməti, fədakarlığı və sədaqəti sayəsində ölkə iqtisadiyyatının aparıcı dayaqlarından birinə çevrilib. Bizim gücümüz rəqəmlərdə deyil — bizim gücümüz insanlarda, dəyərlərdə və ortaq məqsədlərimizdədir.


Son illər ərzində Şirkətlər Qrupumuz Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması, pərakəndə satış, istehsal, logistika, dağıtım və distribusiya sistemlərinin şaxələndirilməsi, eləcə də KOB-ların dəstəklənməsi istiqamətində mühüm təşəbbüslərə imza atıb. Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonunda 150 yeni iş yerinin yaradılması və 5 milyon manatlıq sərmayənin yatırılması bu missiyanın davamıdır. Biz işğaldan azad olunmuş əzəli torpaqlarımızın bərpasında yalnız iqtisadi deyil, həm də mənəvi məsuliyyətimizi dərk edərək fəaliyyət göstəririk.


KOB-ların inkişafında oynadığımız qarşılıqlı və mühüm rol da bu səylərin nəticəsidir. Heç təsadüfi deyil ki, məhz bu səmərəli əməkdaşlıq nəticəsində biz tərəfdaşlarımızla birgə böyüyürük. Belə ki, məhz bizneslərimizlə yaxından və səmərli əməkdaşlıq edən 74 kiçik sahibkar orta sahibkara, 10 orta sahibkar isə iri sahibkarlıq subyektinə çevrilib. Bu, Veysəloğlunun ölkə iqtisadiyyatına qatdığı dəyərin ən gözəl göstəricisidir.


Bu gün biz təkcə məşğulluğun təmin olunması sahəsində deyil, həm də davamlı inkişaf və ekoloji məsuliyyət istiqamətində davamlı addımlar atırıq. Şirkətlər Qrupumuz ətraf mühitin qorunması, resursların səmərəli idarə edilməsi və yaşıl təşəbbüslərin dəstəklənməsi üçün ardıcıl fəaliyyət göstərir.


Bu il BMT-nin Qlobal Sazişinə üzv olmaqla, ESG prinsiplərini (Ətraf mühit, Sosial məsuliyyət və Şəffaf idarəetmə) fəaliyyətimizə inteqrasiya etməyə başlamışıq. Biz bu istiqamətdə görülən işlərə sıradan bir layihə kimi baxmırıq, əksinə gələcəyə edilən investisiya kimi baxırıq. Çünki davamlılıq, şəffaflıq və məsuliyyətli biznes prinsipləri Veysəloğlunun gələcək uğurlarının əsasını təşkil edir.


Bu 31 ilin hər bir uğurunun arxasında sizin fədakar əməyiniz dayanır. Sizin vəfanız, əzmkarlığınız və işə can yandırmağınız bizim bir ailə kimi böyüməyimizə və möhkəmlənməyimizə vəsilə olub.

Bu gün biz – Veysəloğlu ailəmizin şəcərə ağacında yeni qol-budaq atan gənclərə dayaq olur, zəngin irsimizi, dəyərlərimizi və təcrübəmizi onlarla paylaşmaqdan olduqca məmnunuq.
Hər birinizə minnətdarlığımı bildirir, bu real uğur hekayəsinin fəal iştirakçısı olduğunuz üçün qürur duyduğumu xüsusi qeyd etmək istəyirəm.

Gəlin, birlikdə qarşıdakı illərdə daha böyük uğurlara imza ataq, cəmiyyətimizə və ölkəmizə fayda verən işlər görək. Çünki bizim yolumuz Şirkətlər Qrupumuzun dəyərləri olan ədalətlilik, etibalılıq, təşəbbüskarlıq, bir və bütünlük və məsuliyyətlilik üzərində qurulub.


31 illiyimiz mübarək!


Hər birinizə sağlamlıq, yeni uğurlar və ailə xoşbəxtliyi arzulayıram.


Hörmətlə,
Aydın Talıbov”

Digər xəbərlər