27-29 noyabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri” mövzusunda I beynəlxalq elmi-praktiki konfrans keçirilir. Tədbir mühəndislik elmlərində müasir tendensiyaların müzakirəsi, elmi nəticələrin praktiki tətbiqi və ali təhsil–özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Konfransın açılışında UNEC-in prorektoru, professor Rövşən Rzayev çıxış edərək universitetin dünya təhsil reytinqlərində yüksələn mövqeyi və beynəlxalq elmi-tədqiqat əməkdaşlıqlarının genişlənməsi barədə məlumat verib. O bildirib ki, UNEC mühəndislik sahəsində yüksək ixtisaslı kadr hazırlığını strateji hədəf kimi müəyyən edib və bu istiqamətdə həyata keçirilən islahatlar artıq öz nəticələrini verməyə başlayıb. Prorektor tədbirə dəstək verən bütün tərəfdaşlara, xüsusilə Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) təşəkkürünü çatdırıb.
Konfransın tərəfdaşı və sponsoru kimi çıxış edən VŞQ tədbirdə geniş heyətlə təmsil olunub. Şirkətlər Qrupunun Baş icraçı direktorunun müavini İlqar Nuri açılış nitqində bildirib ki, şirkət üçün bu kimi elmi platformaların dəstəklənməsi yalnız sosial məsuliyyət deyil, həm də davamlı inkişaf strategiyasının ayrılmaz hissəsidir:
“Biz inanırıq ki, mühəndislik bilikləri və innovativ yanaşmalar olmadan nə ərzaq təhlükəsizliyindən, nə də müasir logistika və pərakəndə satış sistemlərindən danışmaq mümkündür. Akademik araşdırmalarla biznes təcrübəsinin birləşməsi sektoral inkişaf üçün həlledici amildir”.
İlqar Nuri həmçinin UNEC ilə pərakəndə satış sahəsində aparılan birgə araşdırmanın əhəmiyyətinə toxunaraq analitik təhlillərin və elmi yanaşmaların real sektorun qərarvermə prosesinə mühüm töhfə verdiyini vurğulayıb:
“Dərin təhlillər və elmi metodologiyalar olmadan bazar davranışlarını, rəqəmsal transformasiyanı və istehlakçı tendensiyalarını düzgün qiymətləndirmək mümkün deyil. Universitetlərin bu prosesdə rolu əvəzsizdir”.
Qeyd edək ki, üç gün davam edəcək konfrans çərçivəsində mühəndislik elmlərində müasir trendlərə dair müxtəlif sessiyalar keçirilir.
Veysəloğlu Şirkətlər Qrupu konfransın qida mühəndisliyinə həsr olunmuş panel müzakirələrində də geniş iştirak edəcək. Şirkətin ekspertləri ərzaq təhlükəsizliyi, keyfiyyətin idarə olunması, logistika optimallaşdırılması və innovativ mühəndislik həlləri mövzularında çıxışlar edəcəklər.
Tədbirdə Rusiya, Türkiyə, Özbəkistan, Pakistan və digər ölkələrdən alim və professor-müəllim heyəti iştirak edir. Ümumilikdə 20-dən çox ölkədən – o cümlədən İspaniya, Türkiyə və Rusiyadan – yüzlərlə elmi tezis konfransa təqdim olunub. Bu, tədbirin beynəlxalq elmi əməkdaşlıq üçün mühüm platforma olduğunu göstərir.
Açılış mərasiminin sonunda təşkilatçılar adından Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbova konfransın təşkilinə verdiyi dəstəyə görə təşəkkür plaketi təqdim olunub. Plaketi şirkətin Baş icraçı direktorunun müavini İlqar Nuri qəbul edib.
Konfransın müzakirələri mühəndislik sahəsində yeni ideyaların formalaşmasına, ali təhsil–özəl sektor sinerjisinin gücləndirilməsinə və innovativ həllərin tətbiqinə töhfə verməyi hədəfləyir.


