Bişkekdə Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə keçirilən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) Biznes Forumunda Veysəloğlu Şirkətlər Qrupunu Xalis Məmmədov təmsil edib. Tədbir region hökumətlərinin nümayəndələrini, özəl sektor liderlərini, beynəlxalq təşkilatları və investorları bir araya gətirib.
Forumda AİB-in Prezidenti Masato Kanda, AİB-in vitse-prezidenti Yingming Yang, eləcə də CAREC ölkələrindən yüksək vəzifəli dövlət rəsmiləri iştirak ediblər. Ümumilikdə tədbirə 150-dən çox nümayəndə qatılıb. Proqram çərçivəsində CAREC nəqliyyat dəhlizlərinin iqtisadi potensialı, regional ticarət axınları, rəqəmsallaşma və ticarət-infrastruktur layihələrinin maliyyələşdirilməsi kimi mövzular üzrə sessiyalar və panel müzakirələri keçirilib.
Bu il forum özəl sektorun müzakirələrə daha geniş cəlb edilməsi ilə diqqət çəkib. AİB-in regionda əməkdaşlıq etdiyi aparıcı biznes qurumları arasında yer alan Veysəloğlu Şirkətlər Qrupu da tədbirdə biznes icmasının nümayəndələri sırasında iştirak edib.
Forumda iştirak Veysəloğlu Şirkətlər Qrupuna CAREC regionunda gedən iqtisadi prosesləri yaxından izləmək və regional gündəlik üzrə aparılan müzakirələrdə öz sektor nümayəndələri ilə yanaşı iştirak etmək imkanı yaradıb.
