share
  • facebook
  • twitter
  • linkedin
  • whatsapp

Veysəloğlu Şirkətlər Qrupu “Qida təhlükəsizliyi” dərsliyinin hazırlanmasında fəal iştirak edir

Veysəloğlu Şirkətlər Qrupu “Qida təhlükəsizliyi” dərsliyinin hazırlanmasında fəal iştirak edir
13 may 2026 Veysəloğlu Şirkətlər Qrupu

Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Milli Qida Texnologiyaları Platforması çərçivəsində həyata keçirilən dövlət–təhsil–sənaye əməkdaşlığında əsas tərəfdaşlardan biri kimi uğurla təmsil olunur.

Platformanın məqsədi qida mühəndisliyi və qida təhlükəsizliyi sahəsində kadr hazırlığının təkmilləşdirilməsi, ali təhsil proqramlarının müasir sənaye tələblərinə uyğunlaşdırılması və praktik yönümlü biliklərin formalaşdırılmasıdır. Veysəloğlu Şirkətlər Qrupu bu istiqamətdə aparılan işlərə yarandığı ilk gündən dəstək göstərərək, təhsil və sənaye arasında körpü rolunu gücləndirir.

Platforma çərçivəsində şirkət nümayəndələri tədris proqramlarının yenilənməsi, məzmunun real sektorun ehtiyaclarına uyğunlaşdırılması və praktik komponentlərin artırılması ilə bağlı mütəmadi təkliflər irəli sürürlər. Bu yanaşma tələbələrin nəzəri biliklərlə yanaşı, real sənaye mühitinə daha yaxın hazırlıq əldə etməsinə xidmət edir.

Eyni zamanda, ölkədə qida təhlükəsizliyi üzrə fundamental bilik bazasının gücləndirilməsi məqsədilə “Qida təhlükəsizliyi” dərsliyinin hazırlanması istiqamətində işlər davam etdirilir. Layihə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və aidiyyəti dövlət qurumlarının iştirakı ilə həyata keçirilir.

Dərslik dövlət, akademik mühit və özəl sektorun birgə əməkdaşlığı çərçivəsində hazırlanaraq beynəlxalq standartlara uyğun müasir tədris resursunun formalaşdırılmasını hədəfləyir. Bu prosesdə özəl sektorun iştirakı xüsusilə önəmli hesab olunur, çünki real sənaye təcrübəsi tədris məzmununun daha praktik və tətbiqyönümlü olmasına imkan yaradır.

Veysəloğlu Şirkətlər Qrupu bu istiqamətdə məsul tərəfdaş kimi çıxış edərək qida təhlükəsizliyi sahəsində praktiki bilik və təcrübənin dərsliyə inteqrasiyasını dəstəkləyir. Şirkətlər Qrupun nümayəndələri, xüsusi ilə Qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə Qrup CEO-nun müşaviri Şəhla Yusifzadə bu prosesdə fəal iştirak etməklə sənaye standartlarının akademik mühitə daşınmasına önəmli töhfələr verirlər.

Hazırlanan dərsliyin ali təhsil müəssisələri üçün əsas istinad mənbələrindən biri kimi çıxış etməsi və qida təhlükəsizliyi sahəsində peşəkar kadr hazırlığına mühüm töhfə verməsi nəzərdə tutulur.

Şirkətlər Qrupu gələcəkdə də qida təhlükəsizliyi, insan kapitalının inkişafı və dayanıqlı sektor inkişafına yönəlmiş təşəbbüslərdə fəal iştirakını davam etdirəcəyini bəyan edir.