Heydər Əliyev Sarayında Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Dövlət Televiziyasının (AzTV) media tərəfdaşlığı ilə Vətən müharibəsində qazanılmış Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Zəfər Andı” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Gecədə dövlət və hökumət rəsmiləri, Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov və həyat yoldaşı, Qrupun digər rəhbər şəxsləri, millət vəkilləri, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllülər, tələbələr, ictimaiyyət və media nümayəndələri olmaqla 2000-ə yaxın şəxs iştirak edib.
Tədbirdə Aprel döyüşləri şəhidi, “Murov Qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, şəhid Valeh Bədəlovun anası Südabə Qazıyeva, eləcə də Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan mayoru, “Böyük Qayıdış” Gənclər Təşkilatının fəxri üzvü Zaur Hüseynov çıxış ediblər.
Natiqlər çıxışlarında bildiriblər ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində əldə edilmiş tarixi Zəfərin 5-ci ildönümünü böyük qürur və iftixarla qeyd edir. Qeyd olunub ki, şəhidlərimizin narahat ruhları bu gün şaddır — torpaqlarımız işğaldan tam azad olunub, ərazi bütövlüyümüz təmin edilib. Artıq üçrəngli bayrağımız bütün azad edilmiş torpaqlarda dalğalanır, Böyük Qayıdış başlayıb, Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, geniş bərpa-quruculuq işləri aparılır.
Çıxışlarda, həmçinin, qəhrəmanlıq tariximizin gənclər arasında təbliğ olunmasının və gənc nəslin Vətən uğrunda canından keçmiş igid övladlarımızı yaxından tanımasının vacibliyi vurğulanıb.
Tədbir tanınmış incəsənət xadimlərinin və istedadlı gənclərin ifasında təqdim edilən “Zəfər Andı” bədii kompozisiyası ilə davam edib.
Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, ssenari müəllifi isə şair, yazıçı və kinodramaturq İlqar Fəhmi olan kompozisiyada Azərbaycan xalqının qəhrəman övladlarının Vətənin azadlığı uğrunda göstərdikləri şücaət və igidlik, həmçinin Vətən müharibəsi və antiterror əməliyyatlarını əhatə edən mühüm hadisələr bədii, musiqili və teatrlaşdırılmış formada tamaşaçılara təqdim edilib.

