Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin “Xoşbəxtlik Çantası” adlı layihəsi uğurla davam edir. Ötən ilin 18 aprel tarixində xeyriyyə yarmarkası ilə start götürən layihə bu gün müxtəlif mərhələlər üzrə həyata keçirilərək insanlara sevinc bəxş etməkdədir.
Layihənin ilkin mərhələsində əməkdaşların hazırladıqları əl işləri satışa çıxarılıb və əldə olunan gəlir ucqar kəndlərdə yaşayan məktəblilərlə qardaşlıq bağlarının gücləndirilməsi, onlarla unudulmaz xatirələrin yaradılması istiqamətində xərclənib.
Bu çərçivədə Qubanın ucqar dağ kəndləri olan Qrız, Qalaxudat və Əlikdə məktəblilərlə görüşlər keçirilib, uşaqlara “xoşbəxtlik çantaları” hədiyyə olunub, onların arzuları dinlənilib.
Ötən ilin 5 sentyabr tarixində – Bilik Günü münasibətilə ucqar dağ kəndlərində yaşayan məktəblilərə məktəbli çantaları, məktəb ləvazimatları, ayaqqabılar, məktəb formaları və oyun setləri təqdim edilib.
“Veysəloğlu Distribusiya” Yeni İl bayramında da uşaqları unutmayıb. Onlar ziyarət olunub, arzuladıqları hədiyyələr təqdim edilib.
Layihənin ən möhtəşəm mərhələsində isə məktəblər müasir avadanlıqlarla təmin edilib, sinif otaqları yenilənib və uşaqlar daha funksional, daha əlverişli təhsil mühitinə qovuşublar. Eyni zamanda, “Veysəloğlu Distribusiya”nın dəstəyi ilə məktəblərdə ingilis dili tədrisinə başlanılıb.
Bütün bu yol bir yarmarka masasında başlasa da, bu gün yüzlərlə uşağın gələcəyinə işıq saçır. Bu, sadəcə bir sosial layihə deyil – birliyi, mərhəməti və ümidi simvolizə edən bir missiyadır.
“Veysəloğlu Distribusiya” layihəni davam etdirməyi və daha çox uşağa daha böyük xoşbəxtlik bəxş etməyi planlayır.


